“Sanki Yedim, Sanki Etdim” Metodu

Bu metodun adını İstanbulun Fatih səmtində yerləşən bir caminin adından götürmüşəm.
Rəvayətə görə Keçecizade Hayreddin adında birisi, Osmanlı dönəmində padşahların tikdirdiyi müxtəlif camiləri görüb, özü də bir cami tikdirmək arzusuna düşür və bunun üçün pul yığmağa başlayır. Ürəyi bir şey istədiyində almayıb; sanki yedim deyərək pulunu bir kənara qoyur. 20 il boyunca topladığı pullarla kiçik də olsa bir cami inşa etdirir ve caminin adı xalq arasında “Sanki Yedim Camii” olaraq xatırlanır.
Bu metoddan istifadə edərək, gündəlik yediyimiz və ya etdiyimiz şeylərdən fədakarlıq edərək çox kiçik məbləğlərdə vəsaiti toplayıb bir həftə ərzində bir kitab ala və ya bir ayın sonunda hər hansı təlim və ya seminara gedib şəxsi inkişamız üçün çalışa bilərik. Nə bilmək olar, bəlkə də bu vasitə ilə əldə edəcəyimiz biliklər gələcək karyeramızın inkişafında müstəsna rol oynayacaq.
Nümunə üçün deyim ki, “Əli və Nino” mağazalar şəbəkəsinin “Həftənin fürsəti” bölməsində hər həftə 4 kitaba 70% endirim tətbiq edilir. Təbii ki, dəyərləndirə biləcəyimiz sadəcə bu imkan deyil, kiçik bir araşdırma ilə daha çox və müxtəlif fürsətlərdən də yararlana bilərik, yetər ki, bunun  üçün istək və arzumuz olsun.

P.S. Orta məktəbdə müəllimlərimizdən birinin gözəl bir sözü var idi: “Fürsətlər hazır ruhlar üçündür”.

sanki yedim

Advertisements

Effektiv İş axtarışı və ya “Mən Həsən Ağanın Qohumuyam”

Namizədlərin təhsil müddətini başa vurduqdan sonra, elə təhsil müddətində və ya ümumi olaraq idarə etməli olduqları əsas mərhələlərdən biri də “İş Axtarışı” prosesidir. Əgər sizin də Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsindəki “Həsən ağa” kimi bir qohumunuz yoxdursa, o zaman bu prosesi maksimum hansı şəkildə effektiv idarə etmək olar:

  • Hədəflərinizi konkretləşdirin. Bu sizə vaxtınıza və digər resurslarınıza qənaət etmək imkanı verəcəkdir.
  • İşə mərhələnin planlamasından – hansı addımların atılacağını müəyyənləşdirməkdən başlamaq lazımdır.
  • Özünüzü şirkətə “sata bilmək” üçün CV-nizə maksimum diqqət yetirin. CV-nizin qrammatik, ifadə və estetik baxımdan düzgün olmasına fikir verin. Unutmayın ki, şirkətlər görüşə dəvət etməmişdən öncə sizi CV vasitəsilə qiymətləndirir. CV-də yalan və ya şişirdilmiş məlumatlara qətiyyən yol verməyin.
  • CV ilə birlikdə müraciət məktubu da göndərməniz sizi digər namizədlərdən fərqləndirəcəkdir.
  • Yaxşı olar ki, səliqəli və bütün məlumatlarınızın qeyd edildiyi LinkedIn profiliniz olsun və çalışın daim profilinizdəki bu məlumatları yeniləyin.
  • Sosial mediada müxtəlif şirkətlərin səhifələrinə abonə olmanız, daimi olaraq onların fəaliyyyətlərini və iş elanlarını izləməniz və aparılan aktiv müzakirələrdə iştirak etməniz sizin üçün faydalı olacaqdır.
  • İstifadə edə biləcəyiniz iş axtarışı saytları və digər alətlər haqqında araşdırma edib, onların siyahısını hazırlayın.
  • Unutmaq olmaz ki, CV ancaq sizin görüşə çağırılmağınızı təmin edir. İşə götürülmədə həlledici rolu müsahibə oynayır. Bu səbəbdən ümumi olaraq Müsahibə mərhələsinin idarəedilməsinə hazır olmaq və maksimum şəkildə yaxşı hazırlaşmaq lazımdır.
  • Müsahibədən dərhal sonra görüşdüyünüz şirkət nümayəndəsinin adına bir “Təşəkkür məktubu” yazın. (Əmin olun, bu detal haqqında hələ də bir çox namizədin heç xəbəri də yoxdur !)
  • Ətrafınızda daim məsləhətləşə biləcəyiniz yeni insanlarla tanış olmağa çalışın (Networking), əlaqələrinizi genişləndirin.

Hamınıza “axtardığınız işi” ən qısa zamanda tapmağınızı arzulayıram.

job-search-strategies

CV-lərin “qanayan yarası” – HOBBİLƏR

Çoxtandır CV-lərdə bütün namizədlərin xüsusi yer ayırdığı “Hobbilər” bölməsi barədə kiçik də olsa bir yazı yazmaq istəyirdim. Elə bu məqsədlə də Google-da “CV-lərdə hobbilər” yazmaq istəyirdim ki, “CV-lər” sözünü yazan kimi yuxarıda qeyd etdiyim araşdırma nəticələri elə avtomatik çıxdı. Bu qənaətə gəldim ki, bu mövzu kifayət qədər maraqlı və araşdırmaya açıq mövzudur. Ancaq məsələ orasındadır ki, namizədlərin demək olar ki, əksəriyyəti bu mövzunun əhəmiyyətinə elə də diqqət etmir və müəyyən vaxtlarda elə bu səbəbdən də müsahibə prosesində bu mövzu ilə bağlı suallarla qarşılaşdıqları vaxtlarda pis vəziyyətdə qalırlar.

Bu mövzu ilə bağlı maraqlı və faydalı olduğuna inandığım bir məqaləni sizlərlə paylaşıram.

Ətraflı:hobby in cv example

 

 

İşə alımlarda Sosial Mediadan istifadə haqqında…

The use of social media in recruitmentİşə alım müddətini sürətləndirmək və namizədlər haqqında məlumat əldə etmək üçün şirkətlər sosial mediadan da istifadə edir. Son araşdırmalar onu göstərir ki, insan resursları mütəxəssisləri namizədlərlə görüşməzdən əvvəl və ya dərhal sonra onların sosial media hesablarını araşdırır, analiz edir və bu araşdırma onların qərar verməsində müəyyən rol oynayır. Araşdırma nəticəsində namizədlərin ən çox LinkedIn, Facebook və Twitter üzərindən iş axtarışı etdikləri məlum olub. Bəs bu prosesdə namizədlərin üzərinə hansı vəzifələr düşür:
– İnternet axtarış motorlarında adınızı axtarışa verib hansı məlumatların çıxdığını diqqətlə analiz edin.
– Yaxşı olar ki səliqəli və bütün məlumatlarınızın qeyd edildiyi LinkedIn profiliniz olsun və çalışın daim profilinizdəki bu məlumatları yeniləyin.
– Facebook və digər istifadə etdiyiniz platformalarda paylaşımlarınıza və şərhlərinizə diqqət edin.
– Bu platformalarda müxtəlif şirkətlərin səhifələrinə abonə olmanız, daimi olaraq onların fəaliyyyətlərini və iş elanlarını izləməniz və aparılan aktiv müzakirələrdə iştirak etməniz sizin üçün faydalı olacaqdır.

Namizədlərin Maaş Sövdələşməsi və ya Axırıncı Aşırım

Bir çox namizədin müsahibə prosesində həyəcanlandığı mərhələlərdən biri də maaş sövdələşməsidir. Demək olar ki, iş təkilifi almağa çox az qalıb, sadəcə AXIRINCI AŞIRIMı keçmək lazımdır. Ancaq bu mərhələnin də özünəməxsus və diqqət edilməli cəhətləri var. Bu anda ediləcək kiçik bir səhv uzun müddət gözlədiyimiz təklifi əldən buraxmağımıza səbəb ola bilər. Elə is nə etməli:

  • Görüşə getmədən əvvəl bununla bağlı hazırlıq edilməlidir . Bazarda sizin mövqeyinizdə olan digər işçilərin aldıqları ödənişləri və sahib olduqları digər imkanların nələr olduqlarını öyrənin. Bu şəkildə özünüzə minimum və maksimum tələb təyin edə; sonra da bu ödənişləri firmanın sahib olduğu ödəniş şkalası çərçivəsində qiymətləndirə bilərsiniz.
  • Potensial işəgötürən tərəfindən təklif edilən maaş, o işi qəbul etmənizdə ya da etməyə təsir edəcək ən əsas ünsür olmamalıdır. Ödənişin yanında sizə təklif edilən mükafatlar, bonuslar, fərqli bir şəhərə köçmək lazımdırsa daşınma haqqı və lojman imkanları, təhsil və təlim imkanları, tibbi sığorta, performans qiymətləndirməsi, sahib olacağınız ünvan, iş saatları, işə başlama tarixi və potensial inkişaf imkanları kimi müxtəlif mövzuların da müzakirəyə açıq olduğunu unutmayın.
  • Nə qədər maaş almaq istəyirsiniz? – Bu sual bir tərəfdən “təhlükəli” olsa da digər tərəfdən özünüzə, öz işinizə verdiyiniz qiyməti əks ettirmək şansınız var. Çalışın əvvəlki işinizdən aldığınız miqdardan artıq deyin. Təhlükəli yönü odur ki, siz bilmədən o vəzifə üçün şirkətin nəzərdə tuttuğu maaş miqdarından az miqdar deyib aşağı maaşa razılaşmış olarsınız. Digər tərəfdən də çox yüksək miqdar deyib fürsəti əldən verə bilərsiniz. Bu suala da qabaqcadan hazır olmaq lazımdır. Bunun üçün ən yaxşı üsul həmin şirkətin işçilərindən bu vəzifə üçün təxminən nə qədər maaş verildiyini öyrənməyə çalışmaqdır.
  • Təklif edilən iş sizin idealınız ya da gələcəkdəki karyeranız üçün ən uyğun gördüyünüz işdirsə, başlanğıc üçün alacağınız maaş çox da əhəmiyyətli deyil. Bu nöqtə xüsusilə yeni məzunların və karyeralarına yenidən istiqamət vermək istəyən fərdlərin diqqət etməsi lazım olan nöqtədir. Sizə son dərəcə çox dəyər qata biləcək bir işi, sırf maaş səbəbindən çevirmək səhv addım olacaqdır.

Bunları əsla etməyin:

  • Müsahibənin əvvəlində maaş bəhsini siz açmayın
  • Yalnız maaşa fokuslanmayın
  • Maaş mövzusunu gərəyindən çox uzatmayın
  • Əmək haqqı aralığını (1000-2000 azn kimi) çox geniş tutmayın

Müsahibə Fobiyası və ya Qərib Cinlər Diyarında

Hər gün onlarla namizəd müraciət etdikləri vakansiyalar üzrə və ya ümumi tanışlıq məqsədilə müxtəlif şirkətlər tərəfindən müsahibəyə dəvət edilirlər.

Bu yazımda daha çox təcrübəsiz namizədlərin müsahibələrdə qarşılaşdıqları müəyyən çətinliklər barədə danışmaq istərdim. Təbii ki, bu çətinliklərin yaşanmasının özünəməxsus səbələri var. Bəzi namizədlər müsahibəyə dəvət alıb artıq görüş günü şirkətin qapısından içəri daxil olanda özlərini “Cinlər diyarına düşmüş Qərib” kimi hiss edirlər. Onlarda həddindən çox həyəcan, tərləmə, titrəmə və s. kimi hallar müşahidə olunur. Buna bəzən “peşəkar” mütəxəssislərin və şirkət nümayəndələrinin davranışları da səbəb olur. Ancaq bu barədə az sonra…

Bəs müsahibələrdə ilk dəfə iştirak edən dostlarımız bu tip çətinliklərlə qarşılaşmamaq üçün nələr etməlidirlər:

  • Müsahibəyə dəvət edilən zaman müsahibənin keçirilmə saatını, yerini və  müsahibəni təyin etmiş şəxsin adını, soyadını dəqiqləşdirin.
  • Ən az 10 dəqiqə əvvəl müsahibə yerinə çatmaq üzrə özünüzü nizamlayın. Əgər gecikmək ehtimalınız varsa şirkətə zəng edib məlumat verin. Gecikmək müsahibənin əvvəlində mənfi təəssürat yarada bilər.
  • Yalnız görüşəcəyiniz adamla deyil, digər şirkət nümayəndələrinə də nəzakət və hörmət ilə salam verin. Bu addım sizin ilk təəssürat yaradacağınız yerdir.
  • Titrəmə, yerində dayana bilməmək, gözləri qaçırma kimi davranış növləri, müsahibə edən adama ondan müəyyən məqamları gizlədiyiniz təəssüratını verə bilər.
  • Müsahibədə barmaqlarla oynamaq, əllərini ovuşdurmaq, əlləri tez-tez başa, saça çəkmək, dodaq dişləmək və s. bu kimi hərəkətlər həyəcan əlamətidir. Eyni dərəcədə yersiz utancaqlıq da  namizədin xeyrinə olmayan xüsusiyyətdir.
  • Nə qədər həyəcanlı olursanız olun, müsahibə zamanı gülümsəməniz işə həvəsinizi və motivasiyanızı göstərir.
  • Düzgün cavablandırılması üçün suallar diqqətlə dinlənilməlidir.  Yadda saxlamaq lazımdır ki, müsahibədə heç bir sual məqsədsiz verilmir, onlar namizədi müəyyən meyarlar üzrə qiymətləndirmək üçün verilir və cavablar qiymətləndirmə formasında hər meyar üzrə qiymətləndirilir.  Bu, bəzən müsahibə zamanı, bəzən isə müsahibədən sonra edilir. Sual  aydın deyilsə, onun təkrarlanması və ya daha aydınlaşdırılması xahiş edilməlidir.
  • Sizdə olmayan xüsusiyyətləri saymaq sizin əleyhinizə olacaqdır. Müsahibə zamanı ortaya çıxacaq və böyük ehtimalla müsahibəni keçə bilməyəcəksiniz.
  • Əgər qısa bir müddət sonra verəcəyiniz müsahibə səbəbiylə gərgin anlar yaşayırsınızsa, deyəcəklərinizi əvvəlcədən məşq edin.
  • Hər müsahibədən sonra sizə yönəldilən sualları və bu suallara verdiyiniz cavabları qeyd edin. Bir sonrakı müsahibəniz üçün bu cavablar üzərində çalışın; çünki bəzi istisnalar da olmaqla ümumiyyətlə eyni tip suallarla qarşılaşacaqsınız.
  • Müsahibənin sonlarına doğru siz də şirkət nümayəndəsinə firma ilə əlaqədar suallar verin.

Indi isə bəzi “peşəkar” şirkət nümayəndələrinin müsahibələrdə davranışları barədə. Bu tip mütəxəssislər namizədlər görüş üçün gələn kimi “gözlərinin odunu almağa” çalışırlar.

Əziz mütəxəssislər, şirkətinizə dəvət etdiyiniz namizədləri mehriban və gülərüz qarşılayın. Onları səmimi münasibətiniz ilə rahatladın, çay, su və s. təklif edin. Qəribə suallar verərək onlara nəyisə sübut etməyə çalışmayın, ola bilər ki, siz hazırdsa bəzi məsələlərdə onlardan daha məlumatlısınız. Müsahibənin sonunda isə “Biz sizə məlumat verəcəyik” deyərək “onları yola verməyin”, müsahibənin nəticəsi barədə mənfi və ya müsbət bir cavab verin. Unutmayaq ki, namizədlərə qarşı davranışlarımız bizim simamızda ümumilikdə çalışdığımız şirkət haqqında müəyyən təəssürat yaradır və ictimai fikrin formalaşmasına təsir edir.

Əziz dostlar, sonda isə sizə yeni, 2016-cı ildə bol-bol uğurlu müsahibələr arzulayıram.